Budapeştdə bir turist kimi taksidən istifadə etməyinizə ehtiyac var? Xeyr! Budapeşt Avropanın ən rahat ictimai nəqliyyat sistemlərindən birinə sahibdir: 268 avtobus, 32 tramvay, 15 trolleybus və 4 merto xətti (52 stansiya). Daha nə istəyək ki?
Gündüzlər ictimai nəqliyyat saat 4:30-dan 11:30-a kimi fəaliyyət göstərir, gecələr isə gecə avtobuslarından və ya 24 saat çalışan 6 nömrəli tramvaydan istifadə etmək mümkündür. Nəqliyyat sisteminə həmçinin dəmiryol qatarları, gəmilər, funikulyor və hətta kanat daxildir!
Burada ictimai nəqliyyat əziyyət deyil, rahatlıq gətirir insana – nə basabas olur, nə də əsəbləriniz korlanır.
Budapeşt ideal məkanda yerləşir və inanılmaz infrastruktura malikdir, ona görə də şəhər mərkəzini piyada da rahatlıqla gəzə bilərsiz. Biz keçən dəfə evdən Çeyn körpüsünə kimi piyada getmişdik – təxminən 3 km yoldur.
Bütün bunlara baxmayaraq, yenə də taksidən istifadə etmək istəyirsizsə, o zaman gözlənilməz dərəcədə yüksək məbləğlə qarşılaşmaq istəmirsizsə, fırıldaqçılardan ehtiyatlı olmalısız. Şəhərdə bir neçə taksi fəaliyyət göstərir və əksəriyyətinin də rəngi sarıdır. Bəs rəsmi taksiləri necə tanıya bilərsiz?
1. Taksilərin öz rəngi və qeydiyyat nişanının rəngi sarıdır. Sol tərəfdəki ön qapıda həm Macar, həm də İngilis dilində “Minősített budapesti taxi / Licensed Budapest taxi” yazısı olur.
Digər taksilərin sağ ön qapısında isə "Független szolgáltató / Freelancer" yazısı olur. Onlardan uzaq durmağınızı məsləhət görürəm.
Lisenziyalı taksilərin siyahısı:
Főtaxi
Bọlt (əvvəlki Taxify)
Taxi 4
6X6 Taxi
City Taxi
Budapest Taxi
taxi Plus
Tele 5 Taxi
Elite Taxi
cab
Gotax
2. Ən yaxşı yol bu taksilərin app-i vasitəsilə taksi sifariş etməkdir, app-də qiymət aralığını görəcəksiz.
3. Taksidə sürücünün foto vəsiqəsi, tablosunda və taksinin içində tarif cədvəlini görmək olur.
4. Bütün tariflər tənzimlənir: minimum gediş haqqı 700 HUF (təxminən 2 avro), standart gediş haqqı 1 km məsafə üçün 300 HUF (təxminən 1 avro), gözləmə haqqı isə bir dəqiqə üçün 75 HUF (təxminən 0.2 avro) təşkil edir.
5. Nağd və bank kartı ilə ödəniş qəbul olunur.
6. Gedişinizin sonunda taksometr qəbzini tələb edin və müvafiq tarifin tətbiq olunub-olunmadığını yoxlayın.
Belə postları faydalı hesab edirsiz? Səyahət edərkən ictimai nəqliyyata, yoxsa taksiyə üstünlük verirsiniz?
Comments