Yəhudi Məhəlləsi (Jewish Quarter) Budapeştin ən maraqlı yerlərindən biridir. Bəs bu yer nə ilə fərqlənir və nəyə görə Budapeştə gələrkən buranı mütləq görməlisiz?
İlk öncə, gəlin bu məkanın və Macarıstanda məskunlaşan yəhudilərin keçmişinə qısa da olsa, nəzər salaq. Macarıstandakı yəhudilərin tarixi ən azı orta əsrlərdəki Macarıstan Krallığına qədər gedib çıxır. Yəhudilər bu ölkədə XX əsrin sonlarına qədər olduqca təlatümlü və faciəli bir həyat yolu keçiblər. XIV əsrdən başlayaraq, Macarıstan xarici kralların hakimiyyəti altında olarkən yəhudilər bir çox təqiblərə məruz qalıblar. Qara ölüm adlandırılan vəba pandemiyası dövründə (1349-cu il), ölkədən qovulublar. 17-18-ci əsrlərdə Habsburqların hakimiyyəti dövründə əksər yəhudi sakinləri kütləvi şəkildə qətlə yetirilib, əsir alınıb və daha çox təqibə məruz qalıblar. Nəhayət, 1849-cu ildə Macarıstandakı yəhudilərə hüquqi bərabərlik verilib və bundan sonra onlar Birinci Dünya müharibəsinə kimi macar cəmiyyətinə yaxşı şəkildə inteqrasiya ediblər. Ölkənin elm, biznes və incəsənət kimi müxtəlif sahələrində irəliləyişə kifayət qədər öz töhfələrini veriblər.
Lakin anti-yəhudi siyasətləri iki dünya müharibələri arasındakı dövrdə daha repressiv xarakter almağa başlayıb. Belə ki, bu dövrdə Macarıstan hakimiyyəti Nazi Almaniyası və Faşist İtaliyası ilə müttəfiq olmağı seçib. 1938-ci ildən başlayaraq, Macarıstan yəhudilər əleyhinə bir neçə qərar verib: Yəhudilərin istənilən dövlət vəzifəsində işləməsi qadağan edilib, özəl şirkətlərin 12%-dən çoxuna yəhudilərin işə götürülməsi qadağan olunub. Yüz minlərlə Yəhudi öz gəlirlərini itirib. 1944-cü ildə Almaniyanın Macarıstanı işğal etməsindən sonra isə yəhudilər Macarıstan əyalətlərindən deportasiya edilib. Bütün bu hadisələr faciəvi Holokost hadisələri ilə kulminasiya nöqtəsinə çatıb: Nazilər və Macar faşistləri təxminən 6 milyon yəhudinin sistemli şəkildə öldürüldüyü qətliam törədib və Yəhudi Məhəlləsini minlərlə insanın aclıqdan öldüyü gettoya çeviriblər. 1945-ci ildə Sovet ordusu gettonu azad edib və sakinləri sürgündən qurtarıb.
Hal-hazırdakı Yəhudi Məhəlləsi
Müharibədən sonra əhalisi boşaldılmış məhəllə tamamilə baxımsız qalıb və vaxt keçdikcə tədricən yenidən canlanmağa başlayıb. Hal-hazırda Yəhudi Məhəlləsi Budapeştin parti məkanı hesab olunur. Bu məkan barlar, gecə klubları, müxtəlif yəhudi restoranları, mağazalar və 3 sinaqoqun yerləşdiyi, insanlarla qaynayan səs-küylü bir məhəlləyə çevrilib. Dohany küçəsində yerləşən sinaqoq Avropanın ən böyük sinaqoqudur. 2000-ci ildən sonra dağılıb tökülmüş və tərk edilmiş binalarda “viranə barlar” (ruin pubs) yaranmağa başlayıb. Bu barlardan ən məşhurları Szimpla Kert, Fogasház və Mika Tivadar Mulató barlarıdır. Bu məhəllədə tanınmış Mazel Tov restoranı var. Səhifədəki sonuncu post olan Massolit kitab kafesi də bu məhəllədə yerləşir.
Budapeştdə Macarıstandakı yəhudi qurbanlarının xatirəsinə həsr edilmiş bir çox yer var: Holokost Memorial Mərkəzi, Terror Evi muzeyi, Macar Yəhudi Muzeyi və Arxivi, Dunay çayı sahilindəki ayaqqabılar və s. Bu haqda da ayrı bir post paylaşacam.
Bu cür bloq postları sizin üçün maraqlıdır? Başqa hansı şəhərlərdə yəhudi soyqırımına aid məkanlar haqqında məlumatınız var?
Comments